Reklam



Zəngəzur Mahalının Qədim Aldərə Kəndi
Əldərə və yaxud Əli damı kimi tanınan bu qədim azərbaycanlı kəndi Mehri şəhərindən 12 km cənub-şərqdə Araz çayının sol sahilində, Bakı-İrəvan dəmir yolundan 3 km şimalda yerləşir. Iki tərəfdən hündür Horal və Müşkastın dağları ilə əhatə olunur, ətrafı başdan-başa meyvə bağları ilə bürünmüşdür. Əldərə kəndinin adına XIV-XV əsrlərə aid mənbələrdə rast gəlinir və onun daxil olduğu Zəngəzur mahalının Hülakülər dövründə Naxçıvan tüməninə (vilayətinə) daxil olduğu göstərilir. Zəngəzur mahalı XV əsrdə Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində olmuşdur. 1501-ci ildən 1736-cı ilədək bu mahal Azərbaycan Səfəvilər dövlətinin hərbi-strateji əhəmiyyət kəsb edən ərazisi olmuşdur. XVII əsrin II yarısında Zəngəzur ərazisi Naxçıvan, Qaradağ və Qarabağ xanlıqlarının tərkibində olmuşdur. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri İran və Çar Rusiyası arasında imzalandıqdan sonra Araz çayı sərhəd seçildiyi üçün Əldərə kəndi Zəngəzur mahalının son sərhəd kəndlərindən biri kimi Rusiyanın tərkibinə daxil edilmişdir. Mahalın qədim kəndlərindən biri olan Əldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987 nəfər yaşamışdır. Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andranikin qəzəbinə düçar oldu. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raporunda Əldərə kəndinin dağıdılması belə təsvir edilir. “Qonşu kəndin erməniləri müsəlman kəndləri olan Əldərə, Mirzəcat və Tuğut kəndlərini dağıtmış və yandırmışlar”(Azərbaycan SSR EA Xəbərləri, №4, 1989, s.88). Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və əhalisinin salamat qalan hissəsi müxtəlif qonşu vilayətlərə, qəzalara qovuldu. Bir neçə il kənd sahibsiz qalaraq xarabalığa çevrildikdən sonra 1926-cı ildə kəndin əhalisinin təqribən 1/5, yəni 414 nəfəri öz doğma kəndinə qayıtmış, 1931-ci ildə kəndə qayıdanların sayı 490 nəfərə çatmışdır. 1930-cu illərdə kənd bərpa olunmuş, yeni bir və iki mərtəbəli yaşayış binaları tikilmişdir, ciddi milli ayrı-seçkiliyə baxmayaraq kolxoz təşkil edilmiş, orta məktəb açılmış, klub, kitabxana, tibb məntəqəsi, doğum evi və uşaq bağçası təşkil olunmuşdur. Qaçqınlıqdan sonra kənd əhalisinin artım dinamikası belə olmuşdur. 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər təşkil etmişdir. 70 il ərzində əldə edilmiş nailiyyətlər, kənd əhalisinin isti ocağı hökumət səviyyəsində rayon partiya, sovet və inzibati orqanlarının bilavasitə rəhbərliyi ilə erməni millətçilərinin əli ilə söndürüldü. Onların bütün mülkiyyəti əlindən alınıb bir həftə ərzində 1988-ci il noyabr ayının 23-dən 28-dək qovulmuşlar. Kolxozun milyon manatla hesablanan bütün mülkiyyəti, maşın-traktor parkları, bağları, hazır məhsulu və s. ermənilərə qalmışdır. Qaçqınlıqdan 19 il keçir, lakin hələ də itkilərin ödənilməsi haqqında qaldırılan iddialara baxılmamışdır. Kəndin əhalisi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin müxtəlif rayonlarına səpələnmişdir. Qədim tarixə malik olan kənddə 14-16-cı yüzilliklərə aid çoxlu tarixi abidələrin, Alban kilsələrin, qala və məscidlərin qalıqları vardır. Kəndi əhatə edən ərazilərin toponomikasına nəzər saldıqda burada ən qədim dövrlərdən azərbaycanlıların (Oğuz türklərinin) yaşadığı məlum olur. Qədim kəndlərin, dağ və təpələrin adları bu ərazilərin qədim alban və türk tayfalarına məxsus olduğunu təsdiq edir. XIX-XX əsrlərdə Əldərə kəndində dünyəvi məktəblərin açılması nəticəsində buradan çoxlu məhşur Azərbaycan ziyalıları çıxmışdır. Onların içərisində alimlər, mühəndislər və dövlət xadimləri vardır. Sosialist Əməyi qəhrəmanı Firdun Ağayev və s. General-mayor Abas Bağırov bu kənddə anadan olmuşdur.
11 Aprel 2010
2053 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur